donation
donation
donation
donation


Gənclər komitəsi

Gənclər Komitəsinin yaranma tarixi.
Təməli 1920-ci ildə Fətəlixan Xoyski və General-Leytenant Əliağa Şıxlinski tərəfindən qoyulmuş Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Qızıl Aypara) yarandığı gündən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (Hərəkat) humanist yönümlü fəaliyyətini özündə əks etdirən işlərlə məşğuldur. Əhalinin ən zavallı təbəqələrinə əl tutmaq, onlara humanitar sahədə köməklik etmək Qızıl Ayparanın spesifik fəaliyyəti hesab olunur.
Yarandığı vaxtdan bu günə kimi, Qızıl Aypara Hərəkatın fəaliyyətlərinə, prinsiplərinə uyğun olaraq gənclərlə də müxtəlif işlər görmüşdür. Hal-hazırda Qızıl Aypara öz ətrafında 16 mindən çox könüllünü birləşdirir. Bu könüllülərin 80%-ni gənclər təşkil edir.
Qızıl Aypara � müntəzəm olaraq bütün regionlardan olan gəncləri öz ətrafında birləşdirərək gənclərin humanitar sahəyə cəlb olunması istiqamətində görüşlər, seminarlar, tədbirlər həyata keçirmişdir. Belə ki, 2003-cü ildən başlayaraq Qızıl Aypara Respublika üzrə özünün gənclər şurasını yaratmışdır.
Yaranmış şuranın əsas işi ildə bir neçə dəfə Bakıda və digər şəhərlərdə görüşlər keçirərək regionlarda gənclərin üzləşdiyi problemlərin həll edilməsi istiqamətində müzakirələr etmək və gənclərin Qızıl Aypara vəsitəsi ilə bu problemlərin yoluna qoyulması vasitələri araşdılırdı.
Qızıl Aypara Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Sabirabad, Naxçıvan şəhərlərində gənclərin asudə vaxtlarını səmərəli keçirilməsi və onların Qızıl Aypara fəaliyyətlərinə aktiv qoşulması üçün "gənclər klubları" yaratmışdır.
Qızıl Aypara gənclərlə həyata keçirdiyi belə əhəmiyyətli fəaliyyətləri genişləndirmək üçün getdikcə daha güclü koordinasiyaya ehtiyacın olmasını nəzərə alaraq Cəmiyyətin Rəyasət Heyətində Cəmiyyətin Prezidenti cənab Novruz Aslanovun sədrliyi ilə 29.10.2004-cü il tarixdə keçirilmiş iclasda Gənclər Komitəsini təsis etmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyəti
Gənclər Komitəsinin əsas məqsədləri.

  • Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını rəhbər tutaraq gənc insanlar arasında könüllülük hərəkatının inkişafı;
  • Gənclər arasında humanitar dəyərlərin aşılanması;
  • Gənclər arasında sülh, qarşılıqlı hörmət və anlaşma ideyalarını geniş şəkildə yaymaq;
  • Gənclərin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə, maarifləndirmə, sağlam həyat tərzinin formalaşması və mənəvi rifahın yüksəlməsi sahəsində aparılan lazımi fəaliyyətlər.
  •  

    Azərbaycan Qızıl Aypara Cəmiyəti Gənclər Komitəsinin əsas vəzifələri. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təhsil ocaqlarında fəaliyyət göstərən ilk Təşkilatlarında, Komitələrində və ümumiyyətlə, uşaq və gənclər arasında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fəaliyyətlərini; Beynəlxalq Humanitar Hüququn ideya və prinsiplərini; Azərbaycan Qızıl Aypara Cəmiyyətinə gənclərin və könüllülərin daha efektiv cəlb olunmasını, onların işinin düzgün koordinasiyasını təşkil etməkdir.
    Gənclər Komitəsinin Əsasnaməsində prioritet sahələr:

  • Gənclər arasında fiziki sağlamlığın təmin edilməsi məqsədilə idman tədbirlərinin geniş şəkildə təşkili;
  • Gənclər arasında gigiyena, təmizlik və təbiətin mühafizəsi işlərinin təşkili;
  • Məktəblilər və uşaqlar arasında yol təhlükəsizliyi və fövqəladə hallarda vacib olan qaydaları yaymaq;
  • Gənclər arasında HİV/AİDS xəstəliyinə tutulmanın təhlukəliyi barədə təlimlər, narkomaniya, spirtli içkilərin qəbul edilməsinin qarşısının alınması yolları;
  • Gənclər arasında musiqi, rəsm və ədəbi-bədii incəsənətin təbliği;
  • Gənclər arasında ilk yardım təlimlərinin keçirilməsi;
  •  

    Bizim fəaliyyətlərimiz:
    Yarandığı vaxtdan bu günə kimi Gənclər Komitəsi öz əsasnaməsinə uyğun olaraq müxtəlif səpgidə təlimlər və bir çox tədbirlər reallaşdırmaqdadır. Belə ki, Gənclər Komitəsi bir çox ali və orta məktəblərdə, eləcə də digər təhsil ocaqlarında mövcud olan Qızıl Ayparanın İlk Təşkilatları və Komitələrində gənclərlə müntəzəm görüşlər keçirir. Gənclər Komitəsinin təşkilatçılığı ilə bu təhsil ocaqlarında şagird və tələbələrlə yüksək səviyyəli təlimlər təşkil olunur. Həmin proqramla respublika ərazisində fəaliyyət göstərən tədris ocaqlarında Gənclər Komitəsi tərəfindən geniş şəkildə maarifləndirmə işləri, eyni zamanda tələbələrlə müvafiq mövzular ətrafında müzakirələr etmək üçün görüşlər təşkil olunur.
    Gənclər Komitəsi gənc könüllüləri Beynəlxalq Humanitar Dəyərlərin yayımını və HİV/AİDS-lə mübarizə üzrə yayım işini təhsil ocaqlarında şagirdlər arasında aparmaq üçün 2005-ci ildə "Ulduz Təlimatçılar" layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində ümumilikdə 8 gənc könüllü BHD-in yayımı üzrə, 8 gənc könüllü isə HİV/AİDS-lə mübarizə üzrə maariflənmə kursunu bitirərək Gənclər Komitəsi tərəfindən sertifikat əldə etmişlər. Layihə çərçivəsində Bakı şəhərindən 6 məktəbdə şagirdlərlə "Ulduz Təlimatçılar" tərəfindən tam maarifləndirmə işləri aparılmışdır.
    Gənclər Komitəsi təhsil ocaqlarında mütəmadi olaraq idman yarışları ilə bağlı qızıl Ayparanın İlk Təşkilatları və Komitələri arasında turnirlər təşkil edir. Keçirilən turnirlərdə qaliblər Gənclər Komitəsi tərəfindən müxtəlif tərifnamələrlə təltif olunur, turnir iştirakçılarına hədiyyələr təqdim olunur.
    Gənclər Komitəsinin həyata keçirdiyi humanist və səmərəli fəaliyyətlər, təhsil ocaqlarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Universitetlərdən Gənclər Komitəsinə tələbələrin praktik fəaliyyətlərini həyata keçirmələri üçün müraciətlər daxil olur. Buna misal olaraq, Azərbaycanda özünə məxsus nüfuzu olan Qərb Universitetinin tələbələrinin hər il mütəmadi olaraq Gənclər Komitəsində praktik fəaliyyətlərinin keçirmələrini qeyd etmək olar.
    Gənclər Komitəsi Azərbaycanın qərb bölgəsində yerləşən (cəbhə xəttinə yaxın) Bərdə və Fizuli rayonlarında özünün "Gənclər mərkəzlər"ini yaratmışdır. Müasir kompüter avadanlıqları və mebellə təchiz olunmuş bu mərkəzlərdə gənclər Qızıl Ayparanın və ümumiyyətlə bütün Hərəkatın fəaliyyətləri ilə yaxından tanış ola bilirlər. Gənclər Mərkəzləri könüllülərin Qızıl Ayparanın fəaliyyətlərinə daha çox qatılması üçün mühüm rol oynayır, həmçinin o rayonlarda yaşayan gənclərin kompyuter biliklərinə daha yaxşı yiyələnməsi istiqamətində də köməklik göstərir.
    AİDS-lə mübarizə.
    Hərəkatın əlamətdar günləri Gənclər Komitəsinin daim nəzarətindədir. Bununla əlaqədar olaraq yerlərdə müəyyən işlər görülür. Hər ayın axırı Qızıl Aypara Cəmiyyətinə yeni cəlb olunmuş könüllülər üçün HİV/AİDS treyninqi, eyni zamanda əhali arasında bu sahədə sorğular, kampaniyalar, maarifləndirmə işləri aparılır.
    Belə ki, dekabr ayının 1-də "Beynəlxalq AİDS-lə mübarizə günü" münasibətilə Gənclər Komitəsi təhsil ocaqlarında AİDS-lə bağlı təbliğat xarakteri daşıyan aksiyalar həyata keçirir. Könüllülər vasitəsilə Qızıl Ayparanın AİDS-ə aid informasiya materialları təhsil ocaqlarında paylanılır və eyni zamanda yerlərdə şağird və tələbələr tərəfindən AİDS xəstəliyi barədə səhnəciklər nümayiş etdirilir.
    Sosial fəaliyyətlər.
    Əlil və əqli cəhətdən zəif uşaqlara, kimsəsizlərə, uşaq evlərinə, qocalar evlərinə və s. Respublikanın və Hərəkatın əlamətdar günlərində mütəmadi baş çəkmələri; (uşaqların əhval-ruhiyyələrinin yaxşılaşdırılması məqsədilə onlar üçün musiqili proqramları təşkil edilir, onlara maraqlı və əyləncəli oyunlar və s. təqdim olunur)
    Müxtəlif münaqişələr nəticəsində Azərbaycanda müvəqqəti olaraq sığınacaq tapmış qaçqın və ya məcburi köçkün uşaqlara mütəmadi "Yay düşərgələri"nin təşkilini;
    Gənclər Komitəsinin əməkdaşlıqda bulunduğu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində tərbiyə alan gənclərə mütəmadi başçəkmələri; (tərbiyə alan gənclərə bayram şənlikləri, idman yarışları və s. təşkili)
    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nəzdində fəaliyyət göstərən qadın cəzaçəkmə müəssisəsində bayram şənliklərinin keçirilməsini;
    5-dekabr "Beynəlxalq Könüllülər günü" münasibəti ilə silsilə tədbirlərin həyata keçirilməsini; (məktəblərdə məktəbyanı sahənin yaşıllaşdırılması aksiyaları, ictimai sosial sorğular, humanitar aksiyalar, paltar və əşya yığımı aksiyaları, tələbə şəhərciklərində məskunlaşmış məcburi köçkün tələbələrlə görüşləri və s) və s. sosial istiqamətli fəaliyyətləri həyata keçirir.
    Beynəlxalq Humanitar Dəyərlərin yayımı.
    Gənclər Komitəsinin Beynəlxaq Humanitar Dəyərlərin (BHD) Yayımı sektoru 2006-cı ildən başlayaraq fəaliyyəttədir. Sektorun fəaliyyəti dövründə müxtəlif yaş kateqoriyasından olan uşaqlar üçün müntəzəm olaraq humanitar dəyərlərin yayımı üzrə seminarlar keçirilir.
    BHD yayımı sektoru 2006-ci ildə Bakı şəhəri Nizami rayonu 1 saylı uşaq evində humanitar dəyərlərin yayımı üzrə layihə həyata keçirilmişdir. Layihə 2007-ci ilin yanvar ayına kimi davam etmişdir. Layihədə əsas məqsəd humanitar dəyərlərin yayımında yeni metodlardan istifadə edərək uşaq evində məskunlaşmış kimsəsiz uşaqları aktiv humanitar fəaliyyətə cəlb etmək olmuşdur.
    BHD yayımı sektoru 2006-cı ildə eyni zamanda BHD üzrə yayım işinin daha da genişləndirilməsi üçün Gənclər Komitəsinin "Ulduz Təlimatçılar" adlı maarifləndirici layihəsini davam etdirmişdir. Bu günə qədər ümumilikdə Qızıl Ayparanın Gənclər Komitəsində 9 könüllü BHD yayımı üzrə təlimatçı kimi hazırlanmışdır.
    Klub 25
    2007-ci ildən başlayaraq Gənclər Komitəsi respublikada könüllü qan donorlarının sayının artırılması istiqamətində də fəaliyyət göstərmişdir.2007-ci ildə Gənclər Komitəsi ictimaiyyətə könüllü qan donorlarının sayının artırılması istiqamətində "Klub 25" adı altında yeni bir layihə təqdim etmişdir. "Klub 25" Respublika Qan Donorları Assosiasiyasının yaradılmasında böyük bir rol oynaya biləcək layihədir. Layihənin məqsədi gənclərin "Klub 25"-də birləşərək qan donorlarının sayının artırılması istiqamətində müzakirələr aparmaq, müxtəlif fəaliyyətlər həyata keçirmək üçün təşkil olunmuş gözəl şəraitli bir mərkəzdir. "Klub 25"in məqsədi gənc qan donorlarının sayını çoxaldıb onları Qızıl Aypara ətrafında birləşdirərək qana ehtiyaçı olan insanların yardımına tələsməkdir.
    "Klub 25" üzvü 18-dan 30 yaşınadək 25 dəfə könüllü və təmənnasız olaraq qan verməlidir.
    Gənclər Komitəsi I Hesabat Seçki Konfransı.
    20 noyabr 2006-cı il tarixdə Qızıl Ayparanın Gənclər Komitəsinin I Hesabat-seçki Konfransı keçirilmişdir.
    Qeyd etmek lazımdır ki, Qızıl Ayparanın Gənclər Komitəsi 29 oktyabr 2004-cü il tarixdə Cəmiyyətin Prezidenti cənab Novruz Aslanovun təşəbbüsü, Rəyasət Heyətinin qərarı ilə yaradılmışdı. Gənclər Komitəsinə sədrlik müvəqqəti olaraq Cəmiyyətin HIV/AIDS proqramının koordinatoru Şaban Şayevə, sədr müavinləri vəzifələri isə Yayım Sektorunun rəhbəri Bayram Vəliyevə və hüquqşünas Ceyhun İsmayılova həvalə edilmişdi.
    Konfransın məqsədi ötən 2 il ərzində Gənclər Komitəsinin gördüyü işlər haqda Respublikanın bütün regionlarından dəvət olunmuş nümayəndələrə hesabat məruzəsi təqdim etmək, komitənin əsasnaməsini təsdiq etmək, komitəyə sədri, sədr müavinlərini, idarəetmə şurasını, rəyasət heyətini və maliyyə komissiyasını seçmək idi.
    Azərbaycanın hər bir bölgəsindən konfransa seçilmiş ümumilikdə Qızıl Ayparanın 170 nəfərədək gənc nümayəndəsi tədbirə dəvət olunmuşdular.
    Konfransda ötən dövr ərzində Gənclər Komitəsi ilə əməkdaşlıq etmiş 80 nəfərədək yerli və beynəlxalq, hökümət və qeyri-hökümət təşkilatlarından nümayəndələr də iştirak etmişlər. Qonaqlar sırasında Qızıl Ayparanın Prezidenti cənab Novruz Aslanov və aparatın rəhbər işçiləri, Azərbaycan Texniki Universitetinin Rektoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvü professor Havar Məmmədov, Gənclər Komitəsi ilə əməkdaşlıq etmiş Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Birləşmiş Millətlər Təşkilatı, Respublika Ombudsman Aparatı, SOS Uşaq Kəndləri Assosiasiyası, bir çox uşaq evləri və internatların rəhbərliyi, bir neçə məktəb direktorları, KİV və s. var idi.
    Konfrans Gənclər Komitəsinin əsasnaməsini təsdiq etmiş və açıq səsvermə yolu ilə namizədliklərini yenidən irəli sürmüş Şaban Zəkay oğlu Şayevi komitəyə sədr, Bayram Vaqif oğlu Vəliyevi və Ceyhun Nizami oğlu İsmayılovu isə sədr müavinləri vəzifəsinə seçdilər.
    Konfrans daha sonra əsasnaməyə uyğun olaraq komitənin İdarəetmə Şurasını (15 nəfər), Rəyasət Heyətini (5 nəfər) və Maliyyə Komissiyasını (3 nəfər) seçdi. Gənclər Komitəsinin rəhbər struktrlarına seçilən nümayəndələr komitənin formalaşmasında və fəaliyyətlərində fəal rol oynamış könüllülərdən ibarət oldu.
    Qeyd: Hazırda Gənclər Komitəsinin sədri Şaban Şayev eyni zamanda Cəmiyyətin "HİV/AİDS-lə mübarizə", sədr müavinləri Bayram Vəliyev Cəmiyyətin "Minalara Qarşı Mübarizə" və Ceyhun İsmayılov isə Cəmiyyətin "Beynəlxalq Humanitar Hüququn Yayımı" proqramının koordinatoru vəzifələrini də yerinə yetirirlər.

     

    Qızıl Aypara-Gənclər Komitəsi

    Qızıl Aypara həyat məktəbidirHörmətli oxucularım.

    Bundan öncəki yazımda qeyd etmişdim ki, çalışacağam yazılarımı silsilə şəklində davam etdirim. Budur, yenidən sizinlə həmfikir olmağa və düşüncələrimi sizinlə bölüşməyə qərar verdim. Bu mənim 2-ci yazımdır. Hələ ki, yazılarımı çalışdığım, böyük insanlıq və xeyirxahlıq məktəbi saydığım Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Qızıl Aypara və ya Milli Cəmiyyət) haqqında yazıram. Məncə bu mötəbər cəmiyyət haqda hələ deyiləcək sözlərim çoxdur. Yazılarım Qızıl Ayparanın həftəlik buraxılan “Yeni Təfəkkür” qəzetində hələlik ayda 2 dəfə yer alır. Yazımı təkcə qəzetdə deyil Milli Cəmiyyətin rəsmi internet səhifəsinin Gənclər Komitəsi bölməsindən də oxuya bilərlər. (http://www.redcrescent.az/youth-red-crescent/az/). 1-ci məqaləmlə tanış olan dostlar, tanışlar, həmkarlarım, Qızıl Aypara Cəmiyyətinin rəhbərliyində çalışan insanlar, Cəmiyyətin yerli bölmələrində fəaliyyət göstərən sədrlərimiz, facebook sosial şəbəkəsi vasitəsilə məqaləmi oxuyanlar onu bəyəndiklərini söylədilər. Onların hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm.

    Ətraflı

     

    İndi keçək əsas mətləbə. İstəyirəm bu dəfə bir az Qızıl Ayparanın 2-ci ən böyük qurumu olan Gənclər Komitəsinin yaranması haqqında sizə məlumat verim. Keçən yazıda Qızıl Ayparaçılar sırasına könüllü kimi nə zaman, hansı səbəbdən qoşulmağım, hazırkı bilik və bacarıqlarımın böyük bir hissəsinin də bu Cəmiyyətdə könüllü olduğum zaman əldə etdiyimi bildirmişdim. Yaxşı yadımdadır, 2004-cü ilin avqust ayı idi. Artıq 8 ay idi ki, mən Qızıl Ayparanın baş qərargahında könüllü kimi gündəlik olaraq fəaliyyət göstərirdim. Qızıl Ayparanın o zamankı İcraçı Katibi Elxan Rəhimov məni otağına dəvət etdi və bildirdi ki, Cəmiyyətin prezidenti cənab Novruz Aslanov, vitse-prezidentlər Ramazan Sultanov və Qafar Əsgərzadə, həmçinin, o, özü son aylar mənim könüllü olaraq fəallığımı yüksək qiymətləndirir və hazırda Cəmiyyətdə vakant yer olan “Xarici vətəndaşlarla iş üzrə əlaqələndirici” vəzifəsini mənə həvalə etməyi düşünürlər. Bu xəbər tərəfimdən böyük sevinc hissi ilə qarşılanmışdı. Çünki, 8 ay ərzində bir könüllü kimi  Cəmiyyətin humanist dəyər və prinsiplərinə elə bağlanmışdım ki, orada çalışmaq mənim üçün böyük bir nailiyyət kimi sayılırdı. Əlbətdə ki, bunun sosial tərəfləri də var idi. Artıq işsizliyin də daşı atılmış hesab olunurdu. Əslində çalışdığım bu vəzifə elə də böyük, tələbləri və məsuliyyəti çox olan bir sahə deyildi. Bu vəzifə mənim üçün Cəmiyyətdə işçi kimi karyeramda ilkin tramplin rolunu oynadı. Mən bu vəzifəmdən əlavə yenə də öncədən könüllüsü olduğum Gənclər və Könüllülər şöbəsi ilə sıx əməkdaşlıq edirdim. Qızıl Aypara ümumiyyətlə gənc könüllülər və əməkdaşlar üçün sürprizlərlə dolu bir təşkilatdır. Niyə belə düşünürəm. 2004-cü il oktyabr ayının 29-u idi. Qızıl Ayparanın növbəti Rəyasət Heyətinin iclası keçirilirdi. (Rəyasət heyəti üzvləri bütövlükdə Azərbaycan Cəmiyyətində tanınmış simalardan ibarətdir.

    Çünki Qızıl Aypara respublikanın ən nəhəng ictimai-humanitar qurumudur və bu qurum demokratik şəkildə müxtəlif sahələrdə tanınmış şəxsiyyətlərin Rəyasət Heyəti üzvləri olaraq verdiyi qərarlar nəticəsində idarə olunur. Rəyasət Heyətinin iclaslarında qəbul olunmuş qərarlar əsas olaraq təsdiqlənmə üçün Cəmiyyətin daha yuxarı instansiyaları sayılan İdarəetmə Şurası və Baş Məclisinə tövsiyə olunur. Bu struktur paylanışı, təşkilatların idarəolunması və s. haqda burada çalışmazdan öncə təsəvvürüm belə yox idi). Bu iclasın belə yüksək səviyyədə təşkil olunması üçün hələ səhər saatlarından Cəmiyyətdə hazırlıq işləri görülürdü. İclas axşam saat 6-da başlamalı idi. (iş zamanı bitdikdən və əməkdaşların dağılaraq evlərinə getdikləri andan  sonra). Mənə bildirildi ki, sən də Rəyasət Heyətində iştirak etməlisən. Mənə bir az təəccüblü gəldi. Niyə bütün adi əməkdaşlar evlərinə getdikləri halda mən rəhbərliyə aid olan Rəyasət Heyəti iclasında iştirak etməliyəm. Sonradan öyrəndim ki, iclasda məndən əlavə rəhbərlikdən olmayan digər 2 əməkdaş da iştirak edəcək. Onlar Qızıl Ayparanın HIV/AİDS-lə mübarizə proqramının koordinatoru Şaban Şayev (hazırkı Cəmiyyətin İcraçı Katibinin müavini) və Cəmiyyətin hüquq məsləhətçisi Ceyhun İsmayılov (hazırkı Fandreyzinq-Gəlirgətirmə şöbəsinin müdiri) idilər. Onlardan bizim niyə bu görüşə qatılacağımızı soruşduqda hiss etdim ki, ən azı onlar da mənim qədər çaşqınlıq içərisindədirlər. Nəisə, iclas başladı. Hər üçümüz Cəmiyyətin konfrans zalında iclasın gündəliyində duran məsələlərin həllinə dair müzakirələri dinləyirik. Gündəlikdə duran sonuncu məsələ Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tərkibində, amma müstəqil fəaliyyət göstərəcək yeni bir qurumun, Gənclər Komitəsinin təsis olunması idi. Rəyasət Heyətinin sədri, böyük dünya görüşünə malik olan şəxs, cənab Novruz Aslanov çıxış etdi. O qeyd etdi ki, dunya ölkələrində fəaliyyət göstərən bütün Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərində gənclərin və gənc könüllülərin humanitar fəaliyyətlərə çəlb olunması, onların idarə olunması və s. həmin qurumlarda mövcud olan Gənclər və Könüllülər şöbələri tərəfindən həyata keçirilir. (bizim Qızıl Ayparada da Gənclər və Könüllülər şöbəsi var. Mən elə özüm də Cəmiyyətdə könüllü olaraq fəaliyyətimi bu şöbədən başlamışam). Natiq davam edərək bildirdi ki, dünyanın çox az sayda inkişaf etmiş ölkələrinin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərində gənclər qurumları sərbəst, ayrıca olaraq fəaliyyət göstərir. O, bildirdi ki, belə bir təcrübə Amerika Qızıl Xaç Cəmiyyətində, Avropanın bəzi imkişaf etmiş Qızıl Xaç Cəmiyyətlərində, Türkiyə və İran  ölkələrinin Qızıl Aypara Cəmiyyətlərində var. O misal çəkdi ki, hələ belə bir təcrübə keçmiş Sovetlər Birliyinə daxil olan heç bir ölkənin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərində yoxdur. Bu gün Azərbaycan hər sahədə inkişaf edərək yeniliyə can atırsa, dünyanın ən yaxşı təcrübəsini bütün sahələrdə ölkəyə yönəldirsə, niyə də biz, ölkənin ən böyük humanitar qurumu kimi demokratik bir addim olaraq gənclərin idarə olunmasını elə onların ozünə tapşırmayaq. Sonda natiq qeyd etdi ki, mən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tarixinə çevriləcək bu gün Milli Cəmiyyətin tərkibində muxtar olaraq Gənclər Komitəsinin yaradılması təşəbbüsü ilə çıxış edirəm və Rəyasət Heyəti üzvlərindən bu məsələyə müsbət münasibət bildirmələrini xahiş edirəm. Bu fikiri Rəyasət Heyəti Üzvləri də alqışladılar. Sonra Novruz Aslanov bizə işarə etdi və  hər üçümüz Rəyasət Heyəti qarşısında dayandıq. O, bizim hər üçümüz barədə ayrı-ayrılıqda malik olduğumuz qabiliyyət, tərbiyə, bilik və bacarıqlar haqqında Rəyasət Heyəti üzvlərinə geniş məlumat verərək yaradılmasının təşəbbüskarı olduğu yeni Gənclər Komitəsinin rəsmi təsis Konfransınadək sədrin səlahiyyətlərini Şaban Şayevə (onun Qızıl Ayparada təcrübəsi və iş stajı məndən və Ceyhun İsmayılovdan 3-4 il çox idi), müavin səlahiyyətlərini isə mənə və Ceyhun İsmayılova həvalə etdi (Novruz müəllim mənim haqqımda elə geniş məlumat verdi ki, özüm də məəttəl qalmışdım.  O, mənim haqqımda kifayət qədər dolğun məlumata malik idi. Bu iclasadək artıq təqribən 10 ay olardı mən Qızıl Ayparadaydım Novruz müəllimlə cəmi 1 dəfə “Xarici vətəndaşlarla iş üzrə əlaqələndirici” vəzifəsinə təyin edilən zaman təşəkkür bildirmək üçün onun kabinetinə girən zaman görüşmüşdüm. Onda da mənimlə 5 dəqiqə söhbət edərək gələcək fəaliyyətim üçün məsləhətlərini vermişdi. Belə çıxır ki, o bütün könüllüələrin fəaliyyətlərini diqqətlə izləyib qiymət verirmiş. Çünki könüllülükdən yenicə ayrılmış Bayrama belə böyük bir məsuliyyətli vəzifə həvalə edilməsi yəqin ki, mənim nümunəvi işimlə əsaslanırdı).

     

    Bizə Rəyasət Heyətinin növbəti iclasınadək dünyada mövcud olan və yuxarıda qeyd etdiyim kimi, Qızıl Xaç / Qızıl Aypara Hərəkatında belə nadir qurumların təcrübəsini öyrənərək mükəmməl əsasnamə hazırlamaq, Gənclər Komitəsinin strukturunu formalaşdırmaq, onun müvafiq gəlir mənbələri ilə təchiz oluna bilməsi planını, bir sözlə 5 dəqiqə bundan öncə təşəbbüs kimi səslənən Cəmiyyətin tərkibində yeni nəhəng bir Komitənin yaranması üçün lazımi bütün işləri hazırlamaq tapşırıldı. Yuxarıda sürpriz sözünü elə-belə işlətməmişdim. Bu iclas digər həmkarlarım kimi mənim üçün də sözün əsl mənasında sürpriz oldu. Çox sevinirdik. Amma artıq iclasdan çıxan kimi məsuliyyət panikasındaydıq. Yadımdadır, dərhal növbəti günə elə Cəmiyyətin konfrans zalındaca görüşməyə qərar verdik. Qızğın çalışmalara start verdik. İnternet vasitəsilə demək olar ki, dünya ölkələrinin Milli Qızıl Xaç / Qızıl Aypara Cəmiyyətlərində ayrıca olaraq fəaliyyət göstərən Gənclər Təşkilatları ilə əlaqə saxlayaraq onların nizamnamə və əsasnamələrinin surətini bizə göndərməyi xahiş etdik. Bu işdə bizə Cəmiyyətin o zamankı İcraçı Katibi Elxan Rəhimov və İcraçı Katibin müavini Bəylər Talıbov da dəstək verdi. 1 həftə ərzində 10-dan artıq Milli Cəmiyyətin Gənclər Təşkilatının nizamnaməvi sənədlərini toplayaraq öyrəndik və Gənclər Komitəmizin əsasnaməsini hazırlamağa başladıq. Deməliyəm ki, çətin proseslər idi. Çünki hər üçümüzün ayrıca vəzifələrimiz və öhdəliklərimiz də var idi. Axşamlar hamı evə dağılandan sonra biz qalıb Gənclər Komitəsinin hüquqi sənədlərini hazırlayır, onun rəsmi blankını, rekvizitlərini, möhürünün forma və yazısının eskizini, strukturunu, ayrıca bank hesabının açılmasını və s. kimi inzibati məsələləri işləyib hazırlayırdıq. Ən böyük və əsas problem Gənclər Komitəsi üçün ayrıca bir ofisin olmaması idi. Çünki Gənclər Komitəsinin gələcək plan və fəaliyyətlərini formalaşdırmaq üçün bəzən iş zamanı görüşməyə otaq da olmurdu. Cəmiyyətin dəhlizində dəfələrlə Şaban, mən və Ceyhun yığışaraq ayaqüstü saatlarla müzakirələr edirdik. Artıq bəzi əməkdaşlarımız dəhlizdə Gənclər Komitəsinin rəsmi görüşlərini görəndə gülməklərini saxlaya bilmədən deyirdilər ki, yenə də bu 3-lük yenə nəsə planlaşdırır. J Beləcə, bütün çətinliklərə baxmayaraq böyük bir həvəslə, Cəmiyyətin prezidenti cənab Novruz Aslanovun tövsiyə və məsləhətləri ilə Qızıl Ayparanın tarixində özünəməxsus yeri olan Gənclər Komitəsinin mükəmməl əsasnaməsini və strukturunu hazırlayıb Cəmiyyətin Rəyasət Heyətinə təqdim etdik. Gənclər Komitəsinin əsasnaməsi Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Cəmiyyətləri Federasiyası tərəfindən Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Gənclər Təşkilatlarının nizamnaməvi sənədləri arasında ən nümunəvi sənəd kimi qəbul edildi və digər Milli Cəmiyyətlərə də belə bir muxtar Gənclər qurumunun yaradılması tövsiyyə olundu. Sonradan Cəmiyyətin prezidenti cənab Novruz Aslanov Gənclər Komitəsinə dəstək olaraq Baş Qərargahdan ayrıca böyük bir ofisin verilməsi göstərişini verdi.

    Bu gün artıq digər Milli Qızıl Xaç / Qızıl Aypara Cəmiyyətləri, xüsusilə də keçmiş sovetlər ittifaqına daxil olan ölkələrin Milli Cəmiyyətləri özünün ayrıca Gənclər Təşkilatlarını yaratmaq istəklərini bildirir və bizim Qızıl Ayparanın Gənclər Komitəsinin təcrübəsini öyrənirlər. Gənclər Komitəsi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin strukturuna görə Cəmiyyətin tərkibində 2-ci böyük qurumdur (sonra Naxçıvan MR Komitəsi, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Sabirabad, Qarabağ, Lənkəran Regional Mərkəzləri, 83 rayon bölmələri, yerli və sahə bölmələri) və ancaq prezidentə tabedir (cəmiyyətin katibliyinə hesabatçı deyil). Gənclər Komitəsi gənclərlə əlaqədar, onların humanitar fəaliyyətlərə fəal cəlb olunması istiqamətində bütün tədbirləri, layihələri, proqramları sərbəst olaraq planlaşdırır, prezident və ya vitse-prezidentlərlə razılaşdıraraq həyata keçirir.

    Biz indi Qızıl Ayparanın tarixi haqqında kitabları oxuyarkən Cəmiyyətə vaxtilə rəhbərlik etmiş ilk şəxsiyyətlər haqqında məlumatları böyük maraqla oxuyuruq. Kim bilir, bəlkə zaman gələcək və Gənclər Komitəsi gəncləri humanitar sahədə koordinasiya edən və yüzlərlə əməkdaşı olan ən böyük bir təşkilata çevriləcək. Bəlkə o zaman (hələ 29 oktyabr 2004-cü ildə, yuxarıda qeyd etdiyim ilk təşəbbüs iclasında sürpriz olaraq yeni qurumun rəhbərliyinə dəvət edilən) sadə Azərbaycanlı vətəndaşı olan Bayram Vəliyev də bu təşkilatın ilk rəhbərlərindən biri kimi maraqla xatırlanacaq.

    Məhz bunlara görə mən yazımın sonunda bir daha Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin Deputatı, fəlsəfə doktoru cənab Novruz Aslanova təşəkkürümü bildirirəm. Ona görə ki, könüllülükdən yenicə ayrılmış bir gəncə-mənə etimad göstərərək  Gənclər Komitəsinin sədr müavini vəzifəsinə doğru yönəltdi. Ümid edirəm ki, onun etimadını az da olsa öz fəaliyyətlərimlə doğrulda bilməyə müvəffəq olmuşam.

    Təşəkkürlər.... Amma hesab edirəm ki, hələ ardı olacaq J  

    Yazılarım, yuxarıda qeyd etdiyim kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi internet səhifəsinin Gənclər Komitəsi bölməsində də olur.

    (http://www.redcrescent.az/youth-red-crescent/az/).

    Bundan əlavə yazılarıma rəy bildirmək istəyənlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin facebook sosial şəbəkəsində olan qrupuna yaza bilərlər. Qrupun adı: Azerbaijan Red Crescent Society Official Page.

    Bayram Vəliyev

    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin

    Gənclər Komitəsinin sədr müavini, Silahlara Qarşı Mübarizə proqramının məsləhətçisi

     

    Qızıl Aypara həyat məktəbidir.

    Qızıl Aypara həyat məktəbidir“Mən daim fəaliyyətimdə gənclər üçün yaşıl işıq yandırır, onların hər bir təşəbbüsünə diqqətlə yanaşır, onlara daim dəstək verirəm. Bu mənim həyat amalımdır.”

    Novruz Aslanov

    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti,

    Millət Vəkili, fəlsəfə doktoru

    Hörmətli oxucu.

    Məni bu yazını yazmağa Novruz müəllimin yuxarıdakı sözləri həvəsləndirdi.

    Sadə bir Azərbaycan vətəndaşı kimi bu ölkənin insansevərliyi, xeyirxahlığı aşılayan ən nəhəng qurumu olan, adını sözün əsl mənasında qürurla çəkdiyim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Qızıl Aypara, Milli Cəmiyyət) yüzlərlə sadə əməkdaşından biriyəm. Adım Bayram, soyadım Vəliyevdir. Adımı və soyadımı burada yazarkən onu da bilirəm ki, sonradan bu yazımı oxuyan bəzi oxucular məni tanıya biləcəklər (özümün tanınmış bir adam olmağımı demək istəmirəm, əsla, sadəcə çalışacağam ki, bu məqalə çalışdığım Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həftəlik orqanı olan “Yeni Təfəkkür” qəzetində nəşr olunsun. Bu qəzetin də oxucu kütləsi sırasında çoxlu həmkarım var ki, məni tanıyırlar). Bəlkə də bu yazımı (hələlik buna yazı adı verirəm) oxuyanlar təəccüblənəcəklər ki, bizim Bayramın yazı qabiliyyəti də var imiş (bir az özümü təriflədim deyəsən). Amma bir şeyi əminliklə bilirəm ki, bizim Qızıl Ayparanın Vitse-Prezidenti, fəlsəfə doktoru, jurnalist Qafar müəllim (Əsgərzadə) yazımı bəyənənlərdən olacaq. Dəfələrlə gördüyüm işlərlə bağlı elə həmin qəzetimizdə qısa məqalələr yazmışam və hər dəfə də bir mütəxəssis kimi Qafar müəllimdən öz yazı qabiliyyətim haqqında təriflər eşitmişəm. Bəlkə də bu, hələ özümün də dəqiq bilmədiyim yazıma başlamağımda Qafar müəllimin mənəvi dəstəyi (ruhlandırması) olmuşdur. Ətraflı

    Keçək əsas mətləbə. Öncə bir az bizim həftəlik buraxılan qəzetimizdən, yəni “Yeni Təfəkkür” qəzetindən söz açım. Qəzet 2005-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanovun dəstəyi ilə çox hörmət etdiyim qəzetin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə Kərimova tərəfindən hazırlanır və nəşr olunur. Qəzet ictimai, hüquqi, humanitar məqsəd daşımaqla əsasən, həftə ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi humanitar fəaliyyətləri əhatə edir. Elə mən də dəfələrlə, Qızıl Ayparanın müvafiq humanitar proqramına rəhbərlik etdiyim üçün bu proqram çərçivəsində həyata keçirilən müəyyən fərqli hadisələr haqqında qəzetdə məqalələrlə çıxış edirəm. Qəzetimizin digər gözəl bir ənənəsi də bütün Qızıl Ayparaçıların ad günlərində onların təbrik olunmasıdır. Bu qəzetə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün yerli bölmə sədrləri, Regional Mərkəz koordinatorları və digər əməkdaşlar abunəçidirlər. Onlar sevə-sevə oxuduqları qəzetdən Milli Cəmiyyətin müxtəlif şöbə, sektor, proqram, rəhbərliyi keçirdiyi yerli və beynəlxalq görüşlər və fəaliyyətlər, imzalanmış rəsmi sənədlər, Dövlət Başçısı, zati-aliləri cənab İlham Əliyevin və digər rəsmi dövlət qurumlarının Qızıl Aypara və eləcə də digər sahələrə dair imzaladığı sərəncamlar, bölgələrdə həyata keçirilən humanitar fəaliyyətlər, və s. haqda geniş məlumat alırlar.

    Mənim birdən-birə oturub nəsə yazmaq fikrinə düşməyimə gəlincə deməliyəm ki, artıq son 2-3 aydır, bu fikir beynimdə dolaşır. Elə bil hər gün beynimdə kimsə mənə pıçıldayır ki, sən nəsə, nədənsə, hansısa bir hadisə barədə yazmalısan. Əslində son zamanlar keçirdiyim hisslər özümə də çox qəribə gəlir. Mənim bu yazıma əgər fikir verirsinizsə bu hələlik yarı rəsmi, yarı qeyri-rəsmi xarakter daşıyır. Yazmaq ilhamı gələndə ağlıma gələn ilk bu oldu ki, niyə də mənim bütün Qızıl Ayparaçıların sevimli qəzetinə çevrilmiş bu qəzetdə (bəlkə bu yazım başqa qəzetlərə də yol tapa bildi, hələ bu barədə düşünməmişəm) özümün bu günə olan xatirələrim (deyəcəksiniz ki, bizim bu Bayramın cəmi 30 yaşı var artıq xatirələrdən dəm vurur, sizinlə tam razıyam) xüsusi silsilə xarakterli yazı formasında olmasın. Niyə də yox? Mənim çalışaraq ən yaxşı öyrəndiyim sahə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı və xüsusilə də, hamımıza doğma təşkilat olan Azərbaycan Qızıl Aypara Cəmiyyətidirsə elə fikirləşirəm ki, ilk yazımı da bu mövzu ətrafında sınaqdan keçirim.  Buna bir əsas bəlkə də mənim son illər Qızıl Ayparanın əməkdaşı qismində bir çox dünya ölkəsini rəsmi işlə bağlı gəzərək dünya görüşümün artmasıdır. Dünyada real olaraq rastlaşdığım faktlar, hadisələr, xarici ölkə vətəndaşlarının azərbaycanlılara olan münasibətləri, hətta bizi tanıyıb-tanımamaları və ya necə tanımaları, müxtəlif xatirələr, başıma gələn ciddi və məzəli əhvalatlar və s. Bəlkə də mən bütün bunları digərləri ilə bölüşmək istəyirəm? Mən və nəhəng Qızıl Aypara, onun keçdiyi böyük həyat məktəbi, oradan öyrəndiklərim, biliklərə yiyələndiklərim, yeni davranış qaydaları, ofis sistemində işləmək bacarığı, layihələri koordinasiya, proqrama rəhbərlik etmə, hesabat vermə, iş planı hazırlama və ümumiyyətlə müasir iş sisteminin tələb etdiyi hər şey barədə oxucularımla bölüşmək istəyirəm.  

    Məktəb sözünü heç də elə-belə söz yazmaq xatirinə qeyd etmədim. Sözün əsl mənasında bu gün Qızıl Ayparada vaxtilə çalışmış üzv və ya könüllü olmuş şəxslər arasında əgər sorğu aparılarsa və sual verilsə ki, sizcə Qızıl Aypara nədir, cavabın 99 %-i bu olacaq – Qızıl Aypara gözəl bir insanlıq məktəbi, tərbiyə, xeyirxahlıq institutudur. Bu həqiqətən də belədir. Amma hələ 1920-ci ildə, şərqdə ilk Demokratik Cümhuriyyət sayılan Azərbaycan Demokratik Respublikasının çətin anlarında görkəmli dövlət xadimi Fətəlixan Xoyski və böyük sərkərdəmiz General Əliağa Şıxlinskinin təşəbbüsü ilə yaradılan, bu gün də 90-dan artıq yaşı olan bu Cəmiyyətin rəhbərlərinin də məktəb adının bu quruma verilməsində olan rolunu deməyə bilmərəm. Ən azı bu haqsızlıq olar. Novruz Aslanov, sadə Azərbaycanlı adı və soyadı. O, dinamik ürəyə, çoxşaxəli iş rejiminə, insaniyyəə, mədəniyyətə, tərbiyəyə, gözəl münasibətə, ünsiyyətə, vətənpərvərliyə və daha nələrə malik olan bir şəxsiyyətdir. Deyərdim ki, bu Azərbaycan vətəndaşında ən əsas və dəyərli hesab etdiyim keyfiyyət isə onun sadəliyidir. Niyə mən bu arada Qızıl Ayparanın yaranmasında böyük əməyi olan Fətəlixan Xoyski və Əliağa Şıxlinskinin adından dərhal sonra Novruz Aslanov adını çəkdim? Bu o demək deyil ki, respublikamızın ən böyük humanitar qurumu olan, 90 yaşlı  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərləri sırasında şərəfli əmək yolu keçən insanlar olmayıb. Əsla yox. O insanlar ki, bu Cəmiyyəti qoruyaraq illərdən illərə keçirərək bizə təhvil veriblər dünyalarını dəyişənlərə Allahdan rəhmət, sağ qalanlara isə can sağlığı diləyirəm. Sadəcə Qızıl Ayparanın bir böyük ictimai-tərbiyəvi əhəmiyyətli məktəb kimi formalaşaraq tanınması məhz onun hazırkı Prezidenti Novruz Aslanovun adl ilə bağlıdır. Bu tarix Cəmiyyətin ən parlaq və şərəfli səhifələrini təşkil edir.

    Bir az özüm (28.08.1980) və Qızıl Ayparaya gəlişim haqda qısa məlumat vermək istəyirəm. Mən Bakı şəhərində dünyaya göz açmışam. Orta məktəbi bitirdikdən sonra (1987-1997) Azərbaycan Dövlət Dillər Universitetinin Fransız Dili fakültəsinə daxil oldum, oranı bitirdikdən sonra isə bütün Azərbaycan oğulları kimi öz üzərimə düşən vəzifə olan vətənimə hərbi xidmətə yola düşdüm. Hərbi xidməti bitirdikdən sonra isə 2 ilədək (2003-2004) Respublikada hələ də böyük işsizlik probleminin mövcud olduğu bir dövrdə ixtisasım üzrə olmayan müxtəlif yerlərdə çalışdım. Mənim bu gün Qızıl Aypara məktəbi adlandırdığım quruma gəlişim isə könüllülük üzərində olub. Bunun tarixi isə belə olmuşdur. Belə ki, şəxsiyyətinə çox böyük hörmət etdiyim, qonşumuz, həmçinin atamın yaxın dostu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse-Prezidenti Hacı Ramazan Sultanova atam mənim Cəmiyyətə konüllü olaraq yazılmağım haqda müraciət etmişdi. Ramazan müəllim ağsaqqallıq edərək məni 2004-cü ilin yanvar ayında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş qərargahına gətirərək gənclər və könüllülər şöbəsində könüllü kimi qeydiyyata alınmasını tapşırdı. Yaxşı yadımdadır, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova özü məni ilk olaraq sorğu-sual edərək bilik və bacarıqlarımı qiymətləndirdi. Ramazan müəllimin bir tövsiyyəsi də yadımdadır ki, əgər ürəkdən, yaxşı, fəal olaraq könüllük hərəkatında iştirak etsən Qızıl Ayparada müvafiq vakant vəzifələrə işə də təyin oluna bilərsən. Sözsüz ki, öz təyinatı üzrə işləməyən Bayram üçün belə bir Cəmiyyətdə işlə təmin olunmaq onda könüllü olaraq bütün fəaliyyətlərə, xüsusilə də gənclər və könüllülər hərəkatına fəal qoşulmağa həvəs yaratdı. Hələ Qızıl Ayparanın Baş Qərargahında könüllü olaraq çalışdığım ilk günlərdə ofisdə xarici ölkə nümayədələrini tez-tez görürdüm. Açığını desəm bu xaricilər mənə bir az da qəribə gəlirdilər. Bundan öncə Universitetdə oxuduğum müddətdə 2 dəfə fransız vətəndaşı görmüşdüm. Baxmayaraq ki, fransız dilini yaxşı bilirdim utandığımdan qaçıb gizlənmişdim ki, birdən məndən nəsə soruşar cavab verə bilmərəm (bütün tələbələrimiz belə idi J). Buradakı xarici vətəndaşlar isə ya Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) ya da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıda yerləşən nümayəndəliklərində çalışanlar idilər. Bundan əlavə gün ərzində çoxlu xarici beynəlxalq təşkilatların nümayəndələri ofisə gələrək müxtəlif görüşlərdə iştirak edirdilər. Mən də həvəslə onların, xüsusilə də Qızıl Ayparanın o zamankı İcraçı Katibi Elxan Rəhimovun və hazırkı İcraçı Katib Bəylər Talıbovun ingilis dilində danışıqlarını izləyirdim.   

    Bəli, mən həqiqətən də böyük bir məktəbin sanki ibtidai sinfinə daxil olmuşdum. Gənclər və könüllülər şöbəsi tərəfindən çox sayda müxtəlif səpkili görüş, tədbir, debat, dairəvi masa görüşü, seminar, treyninq keçirilirdi. Mən də öz növbəmdə şöbənin könüllüsü olaraq bu tədbirlərə çox fəal hazırlaşaraq iştirak edirdim. Yadımdadır, Beynəlaxalq Qızıl Xaç / Qızıl Aypara Hərəkatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tarixi, fəaliyyətləri, tərkib hissələri, Fundamental Prinsipləri və s. haqda o qədər məlumat oxumuşdum ki, Cəmiyyətin Yayım Sektoru bəzən bu sahədə öz sessiyalarını könüllü kimi mənə etibar edərək tapşırırdı. Beləcə yavaş-yavaş Qızıl Aypara məktəbində auditoriya ilə işləmək bacarığına, seminarlar aparmaq bacarığına, təqdimatlar hazırlamaq və təqdim etmək bacarığına yiyələnirdim. Bəzən Cəmiyyətin İnformasiya və Beynəlxalq Əlaqələr şöbəsinin rəhbərliyi müxtəlif rəsmi tədbirlərdə video və foto çəkilişləri işini də mənə həvalə edirdi. Düzünü deyim ki, belə bahalı video və foto aparatlarla mühüm rəsmi tədbirlərdə çəkiliş aparmaq məni çox narahat edirdi. Amma bu məktəbdə bu bilik və bacarıqlara da yiyələndim. Kompüter biliklərim də bu Qızıl Aypara məktəbinə gələnədək ibtidai səviyyədə yəni orta məktəb və universitetdəki rəsmi keçirilən dərslər səviyyəsində idi. Həm də o zamanlar evdə şəxsi kompüterimin olmadığına görə bu sahədə biliklərim zəif idi. Könüllülük dövründə Qızıl Ayparanın Baş Qərargahında mənə tapşırılan yazıların vaxtında və keyfiyyətli çap edilməsi işindən sonra yavaş-yavaş bu və digər windows proqramlarında işləmək bacarığım da formalaşdı. Hazırda kompüter biliklərim işlərimi qaydasında yerinə yetirməyə kifayət edir. Demək olar ki, digər çalışdığım yerlərə artıq getmək belə istəmirdim. Könüllü olaraq hər gün vaxtımın böyük bir hissəsini Qızıl Ayparada keçirirdim. Həqiqətən bura çox maraqlıdır. İlk dəfə olaraq Azərbaycanın rayonlarına da məhz könüllü kimi səfər etməyə başladım. Bu da Bakıdan çox nadir hallarda kənara çıxan Bayram üçün xüsusi hisslər idi. Rayonlardan olan Qızıl Aypara könüllülərinə artıq mən Baş Qərargahın könüllüsü kimi seminarlar və treyninqlər keçirirdim və öz daxilimdə kiməsə nəyisə öyrədə bildiyim üçün çox sevinirdim. Təqribi olaraq yadıma gəlir ki, 8 ay könüllü kimi fəaliyyətdə oldum. Bu 8 ay könüllülük dönəmində xarici nümayəndələrlə ünsiyyət yaratmaqdan utanmaq kimi hisslərimi kənarlaşdıraraq ingilis dili üzrə biliklərimi təkmilləşdirməyə başladım. Maraqlısı da o idi ki, bu Cəmiyyətdə Gənclər və Könüllülər şöbəsinin könüllüsü kimi biz hər hansı bir informasiya materialının hazırlanmasında, onun yazılarının və dizaynının tərtib olunmasında birbaşa olaraq şöbə rəhbərliyi ilə birgə iştirak edirdik və bizim də fikirlər nəzərə alınırdı. Gənclər üçün belə diqqət və qayğı əvəzolunmazdır.

    Mən Azərbaycan Qızıl Aypara Cəmiyyətində gənclər və könüllülər üçün bir məktəb formasını tərənnüm edən ab-havanı yaratdığına görə Cəmiyyətin Prezidenti, Milli Məclisin Deputatı, fəlsəfə doktoru çox hörmət etdiyim Novruz Aslanova, Cəmiyyətə gəlişim üçün Cəmiyyətin Vitse-Prezidenti Hacı Ramazan Sultanova, mənim təcrübəli peşəkar kimi formalaşmağımda Vitse-Prezident Qafar Əsgərzadəyə və İcraçı Katib Bəylər Talıbova və ilk könüllülük təcrübəmi çox rəngarəng şəkildə keçdiyim üçün Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərovaya təşəkkür edirəm.

    Əziz oxucular! Öz yeniyetmə övladlarınızı etibarlı bir yerdə könüllü olaraq, gələcəkdə formalaşması üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sıralarına cəlb edin.

    Əziz oxucularım, hələ sizinlə bölüşəcəyim, Qızıl Ayparadakı fəaliyyətlər və sərgüzəştlərim haqda çox söhbətlərim var. Allah imkan verərsə qəzetimizin növbəti saylarında bütün bunları sizin nəzərinizə çatdıracağam İnşallah. Xoş ümüdlərlə.....

    P.S. - Ardı var...

    Bayram Vəliyev

    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin

    Gənclər Komitəsinin sədr müavini, Silahlara Qarşı Mübarizə proqramının məsləhətçisi