Azərbaycan Qızıl Aypara Cəmiyyəti Silahlara Qarşı Mübarizə proqramının illik fəaliyyətlərə dair 2010-cu il üçün yekun hesabat görüşü
2010-cu il dekabr ayının 22-24-də Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən “Aqua Park” istirahət mərkəzində ənənəyə sadiq olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Qızıl Aypara və ya Milli Cəmiyyət) və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) birgə olaraq Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Hərəkatının Azərbaycanda “Silahlara Qarşı Mübarizə” istiqamətində həyata keçirdiyi fəaliyyətlərin yekununa dair görüş keçirmişlər.
Görüşdə Qızıl Ayparanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayon və şəhər bölmələrinin sədrləri, Gəncə Regional Mərkəzinin koordinatoru, Milli Cəmiyyətin Vitse-Prezidenti Qafar Əsgərzadə, Silahlara Qarşı Mübarizə proqramının məsləhətçisi Bayram Vəliyev, Sağlamlıq və Qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova, İlk Yardım sektorunun rəhbəri Şahin Biləndərli, BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Şerin Pollini, BQXK-nin Hərəkat daxili əməkdaşlıq üzrə məsul nümayəndəsi Rasim Allazov, ANAMA-nın (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik) Minalar Üzrə Maarifləndirmə şöbəsinin məsul əməkdaşı Vaqif Sadıqov, Minalar Əleyhinə İctimai Kampaniyanın (AzCBL) direktoru Hafiz Səfixanov iştirak edirdi.
Görüşün məqsədi 2010-cu il ərzində Qızıl Aypara tərəfindən silahlara qarşı mübarizə proqramı çərçivəsində Respublika ərazisində həyata keçirilən fəaliyyətlərin yekununa dair hesabatın iştirakçılara təqdimatı, onun müzakirəsi və gələcək fəaliyyətlərin və layihələrin planlaşdırılması, ANAMA mütəxəssisi tərəfindən Milli Cəmiyyətin rayon bölmə sədrlərinə İMSMA (mina hadisələri və qurbanları haqda məlumatın toplanmasına dair xüsusi blank formaları) blankların doldurulması üzrə təqdimat vasitəsilə məşğələnin keçirilməsi idi.
Görüşün ilk günündə baş tutan rəsmi açılış mərasimində çıxış edən Qızıl Ayparanın Vitse-Prezidenti Qafar Əsgərzadə bu ənənəvi yekun görüşünün keçirilməsini yüksək qiymətləndirdiyini bildirdi. O qeyd etdi ki, belə görüşlər görülmüş işlərin təhlili və gələcək planların birgə hazırlanması üçün çox səmərəlidir. O, son illərdə bu proqramın Qızıl Ayparanın ən fəal və məhsuldar proqramlarından birinə çevrildiyini qeyd etdi. O vurğuladı ki, Milli Cəmiyyətin Ali Rəhbərliyi kimi 2010-cu ildə Qazax rayonunun Xanlıqlar kəndində proqram çərçivəsində Trans Global LTD şirkətinin maliyyə dəstəyi ilə uşaqlar üçün “Təhlükəsiz Oyun Meydançası” layihəsinin açılış mərasimində iştirak etmiş və bu mina riskli cəbhəyanı kənddə uşaqların gözlərindəki sevinc hisslərini müşahidə etmişdir. Natiq Qızıl Ayparanın Silahlara Qarşı Mübarizə proqramını Milli Cəhəmiyyət üçün əhəmiyyətli hesab edərək bu kimi böyük humanitar problemlə mübarizədə Milli Cəmiyyətin BQXK, ANAMA, AzCBL və s. təşkilatlarla birgə əməkdaşlıq etməsini diqqətə layiq hesab etdi. Sonra çıxış üçün söz alan BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Şerin Pollini də Milli Cəmiyyətin Azərbaycanda bu istiqamətdə həyata keçirdiyi bütün fəaliyyətləri Beynəlxalq Qızıl Xaç\Qızıl Aypara Hərəkatının qurumu kimi dəstəklədiyini bildirdi. O görüş iştirakçılarına uğurlar arzuladı. Görüşün rəsmi açılış mərasimində söz alan ANAMA nümayəndəsi Vaqif Sadıqov da iştirakçılara bildirdi ki, minaların zərərçizləşdirilməsi üzrə rəsmi dövlət qurumu olan ANAM Qızıl Aypara ilə artıq bir neçə ildir ki həyata keçirilən birgə əməkdaşlıqdan çox razıdır. O qeyd etdi ki, bu gün bu sahədə Qızıl Aypara həqiqətən də öz mandatına uyğun olaraq dövlətə yardımçı təşkilat kimi fəaliyyət göstərməkdədir.
Rəsmi hissədən sonra görüş öz gündəliyinə uyğun olaraq davam etmişdir. ANAMA-nın məsul əməkdaşı Vaqif Sadıqov Qızıl Aypara və ANAMA arasında 2007-ci ildən bəri mövcud olan “Mina Hadisələri və Mina Qurbanları haqda Məlumatların Toplanması” üzrə rəsmi Anlaşma Memorandumuna dair həyata keçirilən fəaliyyətləri müsbət qiymətləndirdi. O iştirakçılara məlumatların toplanması üzrə mövcud olan İMSMA blankların ANAMA tərəfindən yenidən işlənərək hazırlanan yeni formasını təqdim etdi. ANAMA nümayəndəsi yenilənmiş formanın doldurulmasını müxtəlif situasiyalar verməklə iştirakçılara məşğələlər formasında tam geniş izah etdi.
Görüşdə AzCBL təşkilatının sədri Hafiz Səfixanov il ərzində təşkilatın həyata keçirdiyi layihələr və fəaliyyətlərdən bəhs edən prezentasiya təqdim etdi.
Qızıl Ayparanın Silahlara Qarşı Mübarizə proqramının məsləhətçisi Bayram Vəliyev 2010-cu ilin fəaliyyətlərinə dair hazırlanmış hesabatı iştirakçılara təqdimat şəklində təqdim etdi. O proqram çərçivəsində 2010-cu ildə Mina Risklərinin Azaldılması strategiyasına uyğun olaraq Trans Global LTD şirkətinin maliyyə dəstəyi ilə 1 kənddə, Almaniya Qızıl Xaç Cəmiyyətinin maliyyə dəstəyi ilə 7 kənddə reallaşdırılmış “Təhlükəsiz Oyun Meydançası” layihəsinin həyata keçdiyini bildirdi. Bundan əlavə 2010-cu ildə Mina Qurbanlarına Yardım strategiyasına uyğun olaraq BQXK-nin maliyyə dəstəyi ilə Qazax rayonundan 6, Ağstafa rayonundan isə 7 ailəyə “Mina\partlamamış hərbi sürsatların partlaması nəticəsində ailə başçısını itirmiş ailələrə sosial dayaq” layihəsi çərçivəsində iri buynuzlu ev heyvanlarının və onların bir illik müddətə yeminin alınaraq təqdim olunduğunu iştirakçıların diqqətinə çatdırdı.
Görüş iştirakçıları Qızıl Ayparanın Silahlara Qarşı Mübarizə proqramı çərçivəsində 2010-cu ildə həyata keçirilən layihələri və fəaliyyətləri yüksək qiymətləndirdilər. Qərara alındı ki, hələ də bəzi mina\PHS riskli kəndlər mövcud olduğundan uşaqlar üçün nəzərdə tutulan, mina risklərinin azaldılması strategiyası çərçivəsində olan “Təhlükəsiz Oyun Meydançaları” layihəsi davam etdirilsin. Mina qurbanlarına yardım strategiyası çərçivəsində həyata keçirilən “Mina\PHS Partlayışı nəticəsində Ailə Başçısını İtirmiş Ailələrə Sosial Dayaq” layihəsi üzrə donorlarla daha sıx əməkdaşlıq edilməsi məqsədə uyğun hesab edildi. ANAMA ilə “Mina Hadisələri və Mina Qurbanları haqda Məlumatların Toplanması”-na dair birgə həyata keçirilən fəaliyyətlərin növbəti 2011-ci ildə də davam etdirilməsi nəzərə alındı.
Görüşün 3-cü günü BQXK təmsilçisi Rasim Allazov iştirakçılara BQXK-nin Qızıl Ayparanın Silahlara Qarşı Mübarizə proqramı üzrə növbəti illərdə reallaşdıra biləcəyi fəaliyyətlərdən söhbət açdı. O müxtəlif təqdimatlar vasitəsilə iştirakçılara bildirdi ki, bu gün Qızıl Ayparanın bu proqram üzrə həyata keçirdiyi layihələr və fəaliyyətlər BQXK üçün məqbul hesab edilir. Çünki BQXK Qızıl Ayparaya bu sahədə yardımçı rolunu oynamalıdır.
Görüşdə iştirak edən Milli Cəmiyyətin Sağlamlıq və Qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova və İlk Yardım Sektorunun rəhbəri Şahin Biləndərli də öz növbələrində Respublikanın qərb bölgəsində fəaliyyət göstərən Qızıl Ayparanın rayon bölmələrində sağlamlıq və qayğı, ilk yardım təlimlərinin keçirilməsinin kütləviliyi və s. texniki məsələlərlə əlaqədar sədrlərlə müzakirələr apardılar.
3 günlük nəzərdə tutulan görüş uğurlu və səmərəli sona yetdi.
Bayram Vəliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
Gənclər Komitəsinin sədr müavini,
Silahlara Qarşı Mübarizə proqramının məsləhətçisi
Oxunub: 549