Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbəti xeyirxah addımı
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölkə səviyyəsində həyata keçirdiyi humanitar yardımlar barədə çox danışmaq olar. Bu xeyirxah addımların atılmasında AzQAC-nin regional mərkəzləri və rayon bölmələrinin özünəməxsus yeri var. AzQAC-nin Bərdə rayon bölməsinin cari ilin aprel ayının 4-də Nazırlı kəndində yerləşən orta məktəbdə yeni Oyun meydançası hazırlaması yuxarıda qeyd etdiyimiz təşəbbüslərin bariz nümunəsidir. Bərdə rayon bölməsi tərəfindən ilk dəfə bu təşəbbüs irəli sürüləndə Nazırlı kənd bələdiyyəsinin sədri Elbrus Məmmədov, kənd sakinləri və məktəbin müəllimləri ilə bir neçə dəfə söhbətlər aparılmış və onlar da öz növbəsində yaxından köməklik göstərəcəklərini bildirmişlər. Müəllimlərdən Elməddin Həsənov, Bəhruz Qasımov, kənd sakinləri Xosrov Zeynalov, Eldar Aslanov, Elçin Məmmədov, kənd ziyalısı Aftandil Fətəliyev və digərləri Oyun meydançasının hazırlanaraq istifadəyə verilməsində həm maddi, həm də mənəvi dəstək göstərmişlər.
Oyun meydanasının ərsəyə gəlməsində 2250 manat maliyyə vəsaiti xərclənmişdir və bu maliyyə vəsitinin 1200 manatı Bərdə rayon bölməsinin şəxsi vəsaiti, 1050 manatı xeyirxah insanların yardımı hesabından götürülmüşdür.
Oyun meydançasının açılışı 2008-ci ilin aprel ayının 4-də keçirilmişdir və bu mərasimdə Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi Xasay Mehdiyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi İsmayıl Əsədov, Beynəlxalq Qızıl Xaç təşkilatının nümayəndəsi Xudaverdi müəllim iştirak etmişdirlər.
Oxunub: 1383