Sənətim-Gələcəyim
Uşaq evlərindən sonrakı həyatı kimsəsizlik, yaşayış və iş yeri olmaması səbəbindən sual altında olan gələcək hesab etmək olar. Böyük problemlərlə üzləşən kiçik qəlblər. Belə uşaqların bəziləri küçə həyatı yaşamaq məcburiyyətilə üzləşir, bəziləri belə gələcəkdən qorxur, müstəqil həyata atılmaqdan çəkinir. Bir çox hallarda isə belə həyat faciəli sonluqla tamamlanır. Dövlətimiz bu yolda böyük işlər görür və layihələrə imza atır. Azərbayan Qızıl Aypara Cəmiyyəti ölkəmizin ən böyük və dövlət tərəfindən tanınan beynəlxalq humanitar cəmiyyəti olaraq dövlətimizə bu istiqamətdə dəstək naminə “Sənətim-Gələcəyim” layihəsini hazırlamışdır.
Hal-hazırda Azərbaycanda bir çox uşaq evləri fəaliyyətdədir.Aparılan araşdırmalardan məlum olur ki, mövcud olan problemlərin ən nəhəngi yetkinlik yaşına çatmış kimsəsiz uşaqların, uşaq evlərinin divarlarından kənarda olan həyata hazır olmamalarıdır. Bir müddət öncə bizim uşaq evində gedib gördüyümüz uşaqlar, hal-hazırda qeyd olunmuş uşaq internatlarından məzun olublar. Bəziləri tam küçə həyatı yaşayır, bəziləri də oxuduğu məktəbin və ya uşaq evinin müəllimlərindən, direktorlardan gecələmək üçün sığınacaq istəyirlər. “Küçə uşaqları” barəsində əlimizdə olan statistik məlumata görə 15-17 yaş arasında olan 98 yeniyetmənin küçədə yaşaması, onlardan 80 oğlan, 18 qız olması müəyyənləşmişdir. Bu yeniyetmələr risk qrupuna aiddirlər. Yaşamaq üçün pulları olmaması səbəbindən qeyri-qanuni və cinayət yolu ilə öz ehtiyaclarını ödəməyə çalışırlar və bu da sonda faciə ilə nəticələnir. Yaşca daha böyük küçə biznesi qurmuş cinayətkar insanların əllərinə düşərək yapışqan iyləyərək toksikomanlara çevrilirlər. Hələ onlarla uşaq küçədə belə təhlükə altında yaşayır, insan alverinin qurbanına çevrilirlər. Onların əsas yeri vağzal, zirzəmilər, körpülərin altı, çardaqlar, borular, istifadə edilməyən tövhələr, dərələr və heç bir şəraiti olmayan digər yerlərdir.
Uşaq evini bitirdikdən sonra bir neçə uşağı hər hansı qohumu gəlib aparır, bəzilərinə dövlətin verdiyi imtiyazdan pay düşür, yerdə qalan əksəriyyəti qalmağa yeri olmadan, əlində sənəti olmadan küçəyə çıxır.
Bu istiqamətdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hazırladığı layıhənin köməkliyi ilə gənclərə sənət öyrətməklə, onların gələcəyini qisməndə olsa təminat altında almaq niyyətindədir. Çünki, sənətə yiyələnməklə maddi ehtiyaclarını ödəmək üçün ilk öncə sənətləri ilə bağlı iş yerlərinə baş vuracaqlar. Sənətə yiyələndikləri dövrdə “bu gün harada gecələyəcəyik, nə yeyəcəyik” kimi fikirlərdən azad etməkdir. Təqdim etdiyimiz uşaqların 6-12 ay arasında yüksək səviyyədə sənət öyrəndikdən sonra, onlarda özlərinə qarşı əminlik daha da artacaq və yararlı insan kimi cəmiyyətimizə qədəm qoyacaqlar. Layihənin büdcəsinə uşaqların təhsil aldıqları müddətdə kirayə qalması üçün və normal qıdalanması üçün minimum vəsait əlavə olunmuşdur.
Səhiyyə və təhsilin inkişafı, təmənnasız qan donorların cəlb edilməsi, HİV-AİDS, fövqəladə hallara hazırlıq, ilk yardım, Beynəlxalq Humanitar Hüququn əsaslarının birbaşa olaraq həyata keçirməklə Qızıl Aypara zəif insanlara köməklik göstərir və bununla da cəmiyyətdəki davranışlara təsir etmək məqsədini güdür.
Yeniyetmələrin Uşaq evlərindən sonra həyatı ilə bağlı araşdırmalar və üzə çıxan acı nəticələr bu layihənin yaranmasına səbəb oldu. Uşaq evlərinin rəhbərliyi ilə görüşlər aparıldı, ilk 10 nəfər müəyyənləşdirildi. Görüş zamanı ilk yaranan sual uşaqlar arasında yaşayış və qida ilə bağlı idi. Yeniyetmələr haqqında tam məlumatlar toplandı, istedadları araşdırıldı. Onların simasında, problemlərini daha geniş kütləyə çatdırmaq üçün videoçarx lentə alındı. Belə təqdimat uşaqlara kömək etmək istəyən sponsorlara onlar haqqında tam dolğun təsəvvür yaratmaq üçün daha məqsədəuyğun hesab edilir.
“Ümid yeri” uşaq evindən seçilən ilk 10 yeniyetmənin arzuları barədə film üçün “Aqil M. Film” prodüsser mərkəzinə müraciət olundu. Yuksək peşakarliğı və həssaslığı əks etdirən,istedadlı rejissor Aqil M.Quliyev tərəfindən lentə alınan bu videoçarx bir neçə beynəlxalq təşkilatlara, şirkətlərə, Azərbaycanda fəaliyyət göstərən səfirliklərə göndərildi. Qısa zaman ərzində Tiens, Anadolu, “Hyundai” avto Azərbaycan, Azərsun, Rotarakt klub of Baku İnternational, İran İslam Respublikasının Azərbaycandakı səfirliyi, “İmam Xommeyni” adına İmdad komitəsi bu yeniyetmələrin peşələrə yiyələnmələrinə, bu zaman ərzində onların ev, qida və yol xərclərinin ödənilməsini qəbul etdilər. Hətta Anadolu və Azersun Holdinq rəhbərliyi yeniyetmələri öz şirkətlərində iş ilə təmin etdilər və gələcəkdə başqa uşaqlar üçün də belə şərait yaradacaqlarına söz verdilər. 2009-cu il oktyabr ayının 21-də Bakı Əyləncə Mərkəzinin rəhbərliyinin dəstəyi ilə bu mərkəzin “Eliza” zalında layihənin təqdimat mərasimi keçilrildi. Tədbiridə nitq söyləyən AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Cəmiyyətin ölkəmizin zavallı və ehtiyaclı təbəqəsinə daima yardımçı olmasına işarə edərək, uşaq evlərini bitirmiş kimsəsiz uşaqlara gələcək karyeralarını qurmaq məqsədilə həyata keçirilən bu xeyirxah layihənin də həmin humanist prinsiplərə arxalanan fəaliyyətlərin yeni addımı kimi qiymətləndirdi. Cəmiyyət tərəfindən həyata keçirilən belə xeyirxah layihələrin davamlı olacağına işarə edən Novruz Aslanov layihəni dəstəkləyən qurumların rəhbərlərinə təşəkkürnamələr təqdim etdi. Qeyd etmək lazımdır ki, bu tədbirdə adları qeyd olunan şirkət, müəssisə və diplomatik səfirliklərin nümayəndələrindən əlavə yeniyetmələrə yeni həyat mərhələsində uğurla arzulamaq və dəstəkləmək üçün müğənnilər Rəşad İlyasov, Samira, Natavan Həbibi, Elnur, Zamiq, xalq artisti Faiq Ağayev də iştirak etmişlər.
Oxunub: 1242