"Xeyriyyə auksionu" keçirildi
2008-ci il mart ayının 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətində "Xeyriyyə Auksionu" keçirilmişdir. Auksionun keçirilməsində əsas məqsəd Mərdəkanda yerləşən 2 saylı "Uşaq evinnin" balaca sakinləri üçün Novruz şənliyinin təşkil olunması üçün lazımı vəsaitin toplanılması idi.
Ümumiyyətlə "Xeyriyyə Auksionu" adlı layihə iki mərhələdən ibarətdir. Birinci mərhələ auksionun keçirilməsi yolu ilə Novruz şənliyi üçün lazımı maliyyə vəsaitinin toplanılmasından ibarətdir. AzQAC-da keçirilən auksiona 15-ə yaxın qonaq dəvət olunmuşdu və auksiona "8 mart" Qadınlar bayramına aid hədiyyələr çıxarıldı. Qeyd etmək lazımdır ki , "Xeyriyyə auksionu" olduqca uğurlu alındı və Novruz şənliyinin keçirilməsi üçün lazımı vəsait toplanıldı. Əlbət də auksionun belə uğurlu alınması xeyirxah insanların fəal iştirakını bir daha sübut edir. Hörmət əlaməti olaraq "Xeyriyyə auksionunda" Rzayev Aslan, Hümbətəliyev Əliş, Səfərov İbrahim, Vəliyev Xəlil, İsgəndərov Cavid, Sadıxov Tofiq, Baxşıyev Nadim və AQAC öz xeyirxahlıqlarını nümayiş etdirmişlər. Qeyd etmək lazımdır ki, "Xeyriyyə auksionunun" uğurlu alınmasının ən əsas səbəblərindən biri də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun bu layihənin həyata keçirilməsinə verdiyi dəstək olub. Novruz Aslanov daim verilən təşəbbüsləri, irəli sürülən layihələri və ideyaları dəstəkləyir.
"Xeyriyyə auksionunun" sponsoru "Tiens" şirkətidir və şirkət rəhbərliyinin xeyirxahlığı xüsusi vurğulanmalıdır. Auksionun icraçı rəhbəri Günel Quliyeva Az.QAC-da Hüquqşünas vəzifəsində fəaliyyət göstərir. Xatırladaq ki, Az.QAC-ın bəzi əməkdaşları, o cümlədən Səbinə Səfərova, Esmira İmanova, Ədilə Məmmədova və Fuad Həsənov layihənin həyata keçirilməsində böyük təşkilati yardım göstəriblər.
Qeyd etmək yerinə düşər ki, layihənin ikinci mərhələsi Mərdəkanda yerləşən 2 saylı uşaq evində həyata keçiriləcək. Adı çəkilən uşaq sığınacağında Novruz şənliyinin keçirilməsi AzQAC-ın Gənclər Komitəsi tərəfindən həyata keçiriləcəkdir.
Oxunub: 2137