donation
donation
donation
donation


Gənclər Mərkəzləri-2008


5 dekabr “Beynəlxalq Könüllülər günü” ərəfəsində yəni 2008-ci il dekabr ayının 3-ü və 4-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Gənclər Komitəsinin layihəsi əsasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyə dəstəyi ilə Ağcabədi, Ağdam və Tər-Tər rayonlarında “Gənclər Mərkəzləri”ni açaraq rayon gənclərinin və AzQAC könüllülərinin istifadəsinə vermişdir.
“Gənclər Mərkəzləri”nin açılmasında əsas məqsəd rayon gənclərinin asudə vaxtlarının səmərəli keçirilməsinin təmin olunması, onların AzQACnin humanitar fəaliyyətlərinə cəlb olunması, könüllü kimi AzQAC sıralarına daxil olunması, kompüter və ingilis dili üzrə biliklərinin artırılması, gənclərin yığışaraq müxtəlif səpkili seminarların, görüşlərin keçirilməsi və s. kimi fəaliyyətlərin təşkil olunması olmuşdur. 
Mərkəzlər yeni kompüter avadanlığı və mebellə təchiz olunmuşdur. Bundan əlavə “Gənclər Mərkəzləri”ndə gənclər AzQACnin humanitar fəaliyyətlərindən bəhs edən onlarla broşur, kitabça və s. ilə tanış ola bilərlər.
“Gənclər Mərkəzləri”nin rəsmi açılış mərasimlərində AzQAC Gənclər Komitəsinin sədr müavini, həmçinin layihənin koordinatoru Bayram Vəliyev, BQXKnin Milli Cəmiyyətlə Əməkdaşlıq üzrə məsul nümayəndəsi Rasim Allazov, Rayon İcra Hakimiyyəti aparatlarının məsul nümayəndələri, müəllimlər, gənclər və könüllülər iştirak etmişlər.
Tədbirlərdə çıxış edən Bayram Vəliyev öncə tədbir iştirakçılarına AzQACnin Prezidenti, Milli Məclisin Deputatı cənab Novruz Aslanovun səmimi salamlarını çatdıraraq AzQAC rəhbərliyi adından tədbirə toplaşmış bütün könüllüləri 5 dekabr “Beynəlxalq Könüllülər Günü” münasibətilə təbrik etdi. Sonra isə o, mərkəzlərin rayon gənclərinin fəaliyyətlərində müsbət yönümdə müəyyən qədər dəyişikliklərin əldə olunacağına və gənclərin AzQAC humanitar fəaliyyətlərinə maraqlarının artırılmasına inandığını bildirdi. O, bu mərkəzlərin hazırlanmasında  əməyi olan bütün şəxslərə öz təşəkkürünü bildirdi.      
Digər natiqlər də bu gözəl “Gənclər Mərkəzləri”nin açılışı münasibətilə bütün rayon gənclərini təbrik etdilər. Onlar rayon gəncləri və könüllüləri üçün bu kimi şəraiti yaratdıqlarına görə AzQAC-nin Prezidenti cənab Novruz Aslanova və BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbərinə təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, 2006-cı ildə də AzQAC Gənclər Komitəsinin layihəsi və BQXKnin maliyyə dəstəyi ilə Bərdə və Füzuli rayonlarında “Gənclər Mərkəzləri” açılaraq istifadəyə verilmişdir.
AzQAC Gənclər Komitəsi “Gənclər Mərkəzləri” layihəsinə maliyyə dəstəyi göstərdiyi üçün BQXKnə, texniki dəstək verdiyi üçün AzQACnin rəhbərliyinə və Ağdam, Ağcabədi, Tər-Tər Rayon İcra Hakimiyyəti başçılarına təşəkkürünü bildirir.
Müəllif:  AzQAC Gənclər Komitəsinin sədr müavini

               Bayram Vəliyev

Oxunub: 1050