Növbəti İlk yardım təlimi keçrildi
Azərbaycan Qızıl Aypara Cəmiyyəti davamlı olraraq müxtəlif mövzularda humanitar layihələr həyata keçirir. Tibbi sahədə maarifləndirmə işlərinə isə böyük önəm verilir. Belə tədbirlər yeniyetmə və gənclərin maarifləndirilməsi üçün əsasən təhsil ocaqlarında təşkil olunur. Yanvar ayının 24-də Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən qaçqın və məcburi köçkün uşaqların təhsil aldıqları 126 saylı Kəlbəcər tam orta məktəbində belə tədbir keçirilmişdir. AzQAC-ın “Miqrasiya” və “Sağlamlıq və qayğı” söbələri bu kimi silsilə tədbirləri birgə həyata keçrir. Тədbirin məqsədi şagirdlərə İlk yardım vərdişlərinin öyrədilməsindən ibarət idi. Çünki, həyatda tez-tez müxtəlif hadisələrə rast gəlinir və belə hallarda zərərçəkənə ilkin yardım göstərilməsi çox vacibdir. Vaxtında göstərilməyən yardım zərərçəkənin həyatına təhlükə yaradır və yaxud onun səhhətinin gec bərpa olunmasına səbəb olur.
AzQAC-ın “Miqrasiya” şöbəsinin müdiri Məmməd Kətanov tədbiri açaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun adından iştirakçıları salamladı və cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verdi. “İlk yardım” sektorunun rəhbəri Şahin Biləndərli şagirdlərə ilk yardımın əsaslarına aid qısa təlim keçdi. Təlim zamanı yaralar, qanaxmalar (o cümlədən burun qanaxması), yanıqlar zamanı göstərilən ilk yardım barədə ətraflı məlumatlar verildi. Şagirdlərə nəzəri biliklərlə yanaşı əyani vərdişlər də öyrədildi. Şagirdlər onları maraqlandıran məsələlər barədə suallar verdilər və onların sualları cavablandırıldı.
Tədbirdə iştirak edən müəllimlər belə təlimlərin keçrilməsinin vacibliyini qeyd edərək şagirdlər adından gələcəkdə də bu kimi təlimlərin keçirilməsini arzuladılar. Məktəbin direktoru Salman Sultanov müəllim kollektivi və şagirdlər adından AzQAC-ın Prezidenti, Milli Məclisin deputatı N. Aslanova rəhbərlik etdiyi cəmiyyət tərəfindən mütəmadi olaraq belə tədbirlərin keçirilməsinə görə öz dərin təşəkkürünü bildirdi.
Qeyd etmək lazımdır ki, tədbirdə 50 nəfər şagird və müəllim heyəti iştirak etmişdir. Tədbirin sonunda iştirakçılara gigiyenik dəstlər təqdim olunmuşdur.
Məmməd Kətanov
Miqrasiya şöbəsinin müdiri
Oxunub: 199